воскресенье, 22 апреля 2012 г.

OLİQARXLAR ÖZƏL ORDULAR YARADIB


Nazirlərin yarımhərbi dəstələri iqtidarın başağrısına çevrilib
ARDNŞ forması geymiş qoçuların “Sulutəpə müharibəsi” diqqəti yenidən müxtəlif nazirliklərin nəzdində qurulan mühafizə dəstələrinə yönəldir: bu dəstələri kimlər və hansı məqsədlə bəsləyir?!

Bakının Binəqədi rayonunda, Sulutəpə massivində ARDNŞ-in mühafizə dəstələrinin qanunsuz tikildiyi deyilən evləri sökmək üçün neçə vaxtdır başlatdıqları, son olaraq bir jurnalistin ölümcül döyülməsi ilə müşayiət olunan hücumlar diqqəti yenidən oliqarxların özəl ordularına yönəldib. Çoxdan bəlli olduğu kimi, 2000-ci illərin əvvəllərindən başlayaraq hakimiyyətdə güc və nüfuz sahibi olan ayrı-ayrı şəxslər öz ətraflarında idmançılardan, qoluzorlulardan ibarət dəstələr formalaşdırmağa başlayıblar. Bu dəstələrin vəzifəsi həmin şəxslərin özlərinin və yaxınlarının mühafizəsini təmin etmək, həmçinin onların durmadan genişlənən biznes obyektlərini qorumaq idi.

Lakin sonradan məlum oldu ki, belə dəstələrin siyasi təyinatı da var və hakimiyyət mənsubları öz dəstələrindən müxalifətə, xalqa qarşı istifadə edirlər. Həmin qoçu dəstələrinin siyasi məqsədli ilk tətbiqindən biri də “nehrəmlilər” adı altında “Yeni Müsavat” qəzetinin redaksiyasına təşkil edilmiş basqın idi. Həmin hadisənin şahidləri yaxşı xatırlayır ki, redaksiyaya basqın edənlər əslində deputat və o vaxtlar hakimiyyətdə ciddi nüfuz sahiblərindən biri olan Rza İbadovun qoçu dəstəsi olmuşdu.
Daha sonra bu cür dəstələrdən müxalifətin aksiyalarında qarışıqlıq salmaq, müxalifət liderlərinə hücum etmək üçün istifadə edilməyə başladı. Aksiyalarda müxalifət liderlərinə və fəallarına hücum edən mülki geyimli, idmançı görkəmli şəxslərin kimliyi hüquq-mühafizə orqanlarına guya bəlli deyildi, ancaq belə dəstələr polisin gözü qarşısında istədiyini edirdi. 2003-cü il prezident seçkiləri dövründə və seçkisonrası hadisələrdə də bu cür dəstələr yenidən səhnədə idi. Aksiyaların dağıdılması zamanı belə dəstələr xüsusi amansızlığı ilə seçilirdi. Sonradan bu qeyri-leqal dəstələrin leqallaşması prosesinə start verildi. Ayrı-ayrı nazirliklərin nəzdində təhlükəsizlik xidmətləri və digər bu cür adlar altında xüsusi strukturlar formalaşdırıldı, əvvəllər müxtəlif narazılıq ocaqlarının söndürülməsində və aksiyaların dağıdılmasında rol alan “dazbaşlar”ın sayı daha da artaraq onlara müxtəlif dövlət strukturlarının geyim forması verildi. Hazırda bir neçə nazirliyin və dövlət şirkətinin nəzdində bu cür qoçu dəstələrindən ibarət strukturlar fəaliyyət göstərir. Bunlardan ən irisi isə şübhəsiz ki, SOCAR-ın Təhlükəsizlik İdarəsində cəmləşmiş 8 minlik dəstədir.
Bu dəstənin fəaliyyəti və ora işçilərin necə seçildiyi barədə mətbuat dəfələrlə yazıb. Bir qayda olaraq həmin idarəyə idmançı görkəmli şəxslər, əslən Naxçıvandan olan və hakimiyyətə xüsusi sədaqəti yoxlanılmış adamlar, o cümlədən bəzi məlumatlara görə Türkiyədən köçən, ad və familiyalarında kosmetik dəyişikliklər edilməklə qısa müddət ərzində Azərbaycan vətəndaşlığı alan kürd əsilli şəxslər işə götürülürlər. Məsələn, DİN-in Sulutəpə hadisəsi ilə bağlı yayılmış son rəsmi məlumatında ARDNŞ-in qarşıdurmada xəsarət aldığı deyilən əməkdaşlarından bir neçəsinin adları göstərilmişdi. Bu siyahıda “Yəhya” və “Əzəmi” familiyalı iki şəxs də göstərilir. Məlumatlı mənbələr deyir ki, söhbət çox güman “Yəhya” və “Acemi” familiyalı kürd familiyalarından gedir. SOCAR-ın mühafizəçilər ordusunun əsas qüvvələri xüsusi təlim keçir, onlar SOCAR-ın “spesnaz”ı kimi tanınırlar. Bu qüvvələr Bakıda və Bakı ətrafında idman cəmiyyətlərinin bazasında təlim keçir. Onlara odlu silahdan atəş açmaq, kütləni dağıtmaq və SOCAR-ın funksiyalarına daxil olmayan digər bu kimi bacarıqlar öyrədilir. Bu işlərlə bağlı kifayət qədər məlumatları olan mənbələr deyirlər ki, SOCAR-ın “spesnaz”ında qulluq edənlər rəsmi maaşdan əlavə aylıq “paket” də alırlar. Əksər hallarda heç bir savadı olmayan bu şəxslərin aylıq qazancı on illərlə iş təcrübəsi olan mühəndislərin qazancından yüksəkdir. Mətbuatda gedən xəbərlərə görə evlərin dağıdılması əməliyyatında xüsusi fəallıq edənlərə də hər dəfə 100 manat həcmində mükafat verilir.
Qoluzorluların digər iri dəstəsi Nəqliyyat Nazirliyinin nəzdində fəaliyyət göstərir. Söhbət adları az qala hər gün küçədə taksi sürücülərini basıb döyən, heç bir qanuni səlahiyyətləri olmadığı halda onların maşınlarının sənədlərini və dövlət nömrə nişanlarını zəbt edən nəqliyyat müfəttişlərindən gedir. Bu xidmətə işə qəbul edilənlərin böyük əksəriyyətinin nəqliyyat üzrə heç bir təhsili yoxdur, onlar zahiri görkəmlərinə görə vaxtilə mitinqlərdə kütləyə hücum edən qoçu dəstələrinin üzvlərini xatırladırlar. Yenə də həmin xidmətə işə qəbul xüsusi qayda ilə aparılır, bəzi məlumatlara görə, kriminal keçmişə malik şəxslərin də bu sistemə işə götürülməsində heç bir əngəl yoxdur. Lakin nəqliyyat nazirinin “ordusu” bununla bitmir, xəbərlərə görə, onun “nəqliyyat müfəttişi” forması geyməyən mühafizə dəstəsi də var. Bu dəstənin vəzifəsi oliqarxın çoxsaylı mülklərini, obyektlərini qorumaqdır. Məsələn, Ziya Məmmədovun şəxsi biznes strukturu kimi fəaliyyət göstərən Bakı Beynəlxalq Avtovağzalında asayişi polis yox, “ZQAN Mühafizə” forması geymiş idmançı görkəmli şəxslər təmin edir. Nazirin ailə holdinqinin tərkibində olan mühafizə şirkətində işə götürülənlərin sayı-hesabı məlum deyil. Kifayət qədər geniş funksiyalara və səlahiyyətlərə malik olan Fövqəladə Hallar Nazirliyinin də nəzdində xüsusi təyinatlı dəstələr fəaliyyət göstərir. Eləcə də Vergilər Nazirliyinin, hakimiyyətdə yüksək postlar tutan oliqarxların holdinqlərinin nəzdində mühafizəçilər adı altında idmançı görkəmli şəxslər yerləşdirilib. Başqa sözlə, indi hər oliqarxın öz “ordusu” var.
Siyasi analitiklərə görə, bu cür dəstələrin saxlanmasından əsas məqsəd ölkədə baş qaldıra biləcək irimiqyaslı etirazların yatırılmasına hazırlıqdır. Belə ki, inqilabların baş verdiyi ölkələrin, “ərəb baharı”nın təcrübəsi göstərir ki, polis, daxili qoşunlar və ordu hakimiyyətləri sonadək qorumaya bilər. Digər tərəfdən, etirazların yatırılması zamanı atəş açmaq və kütləni qorxutmaq üçün adam öldürmək lazım gələndə atəşin polis və hərbi geyimli qüvvələr tərəfindən açılması dərhal beynəlxalq reaksiya doğurur. Ancaq “haradansa peyda olan naməlum mülki geyimli silahlılar” bu işi görəndə hakimiyyətlər məsuliyyəti öz üzərindən ata bilmək üçün müəyyən vaxt qazana bilirlər. Bu zaman deyilir ki, atəş açan qüvvələrin tapılması üçün guya hansısa araşdırmalar aparılır. Ancaq ayrı-ayrı qoluzorlu dəstələrinin mövcudluğu hakimiyyətin özünə də problem yaratmaqdadır. Çünki bu dəstələr harınlayaraq nəzarətdən çıxa, kriminal “razborkalara” meyl edə və digər risklər yarada bilər. Məsələn, indiki halda Bakıda keçiriləcək beynəlxalq mahnı müsabiqəsinə sayılı günlər qaldığı, beynəlxalq ictimaiyyətin diqqətinin Azərbaycanın üzərinə cəmləşdiyi bir vaxtda SOCAR mühafizəçilərinin Sulutəpədə müdafiəsiz sakinlərə və jurnalistə qarşı amansız zorakılığı hakimiyyətə qətiyyən lazım deyildi...
Belə bir həssas zamanda siyasi hakimiyyətə beynəlxalq qınaqların az olması, bu qınaqları yaradan olayların isə ümumiyyətlə, olmaması lazımdır. Lakin müşahidə olunduğu kimi, bu cür hadisələr daha da artmaqdadır. Bu da onu göstərir ki, iqtidarın daxilindəki silahlı və ordulu oliqarxiya artıq ümumi siyasi maraqlarla yox, qrup və özəl maraqlarla hərəkət edir. Bu baxımdan da, son olayları və bu cür tendensiyanı birmənalı olaraq elə hakimiyyətin özünə qarşı təxribat adlandırmaq mümkündür.

Комментариев нет: