воскресенье, 22 апреля 2012 г.

AVROPANIN “XRİSTİAN RADİKALİZMİ”



Norveç “qəssabı” Anders Breyvik Oslo Bölgə Məhkəməsində ifadə verərkən 2011-ci il iyulun 22-də iki terror aktı törədərək, 77 nəfərin həyatına son qoyan, 150 nəfəri yaralamasından peşman olmadığını deyib. Breyvik imkan verilsəydi, 22 iyul qırğınını yenidən törədə biləcəyini bildirib. O deyib ki, əməlinin kökündə “xeyir” var: “Mənim əməlimin kökündə şər yox, xeyir dayanıb. İkinci Dünya müharibəsindən sonra Avropada ən qeyri-adi və ən baxımlı siyasi aksiyanın müəllifiyəm. Xalqımın yolunda ölməyi və ya həyatımın qalan hissəsini həbsdə keçirməyi şərəf bilirəm”.

Qeyd edək ki, Avropanın ən sakit və firavan ölkəsi hesab olunan Norveçdə terror aktı törədərək dünyanın diqqətini özünə çəkən Breyvik İslam dini, mühacirlər əleyhinə sərt mövqedə dayanan xristian fundamentalistidir. O, terror aktlarından əvvəl sosial şəbəkələrdə yerləşdirdiyi manifestdə “Avropa regionun islamlaşmasına qarşı savaşı uduzulub” deyərək, yeni xaç yürüşünə çağırışlar edib. Məhkəmədki çıxışında Breyvik öldürdüyü insanların günahsız olmadığını deyib. Sitat: “Bu gənclər ölkədə çoxmədəniyyətliliyi müdafiə edən İşçi Partiyasının tərəfdarları və üzvləri olduğu üçün məsum və günahsız deyildirlər”.
Məhkəmə prosesində o da məlum olub ki, Breyvik yerli teleşirkət, Amnesti İnternational təşkilatın Norveç şöbəsi, Kilsələrarası Şura və eləcə də miqrantların hüquqlarını müdafiə edən daha 15 təşkilata qarşı terror aktları planlaşdırıbmış. Məhkəmə etiraflarından da göründüyü kimi, o, heç də peşmançılıq hissi keçirmir.
Qeyd edək ki, Anders Breyvik tək deyil. Norveçdə, eləcə də Avropanın demək olar ki, bütün ölkələrində Breyvik kimi düşünən insanlar günü gündən artmaqdadır. Almaniyada, Holandiyada, Fransada və digər Avropanın rifah ölkələrində ifratçılıq meylləri sürətlə artır. 3 il əvvəl İsveçrədə məscidlərin minarəsinin tikilməsinə yasaq qoyan referendum Avropada terrora köklənən ifrat sağ cərəyanının “üfüq parıltısı” idi. Breyvikin həbsi zamanı o da məlum olmuşdu ki, Avropada İslam əleyhinə 80-dən çox radikal qruplaşma fəaliyyət göstərir. Hətta bununla bağlı Norveç hökuməti Avropanın 20 ölkəsində araşdırmaların aparılması üçün müraciət etmişdi. Ancaq bu araşdırmanın nə ilə nəticələnməsi haqda məlumat açıqlanmadı.
Ümumiyyətlə, son illərdə Avropa siyasətində sağ meyllər güclənir. Bunu son 3 ildə keçirilən seçkilərin nəticələrinə baxmaqla da görmək mümkündür. Bir sıra ölkələrdə sosialistlər seçkilərdə sağ partiyalara uduzurlar. Avropanın mərkəzində yerləşən ölkələrdə indi ən dəbdə olan siyasi şüar İslam və müsəlmanlar, o cümlədən bu kəlmələrin sinoniminə çevrilmiş mühacirlər əleyhinə olan çıxışlardır. Ancaq təbiidir ki, bu gün sağçı, mühacir əleydarı olan siyasi xətt Avropada hakim deyil, hətta siyasi çoxluq da hesab oluna bilməzlər. Əslində, ifrat sağçıların terrora əl atması bu mənada azlıq sindromunun nümunəsidir.
Həm Norveçdə baş verən terror, həm də Almaniyada türkləri və bir neçə müsəlman miqrantı hədəf alan terror hücumları ifrat sağçıların azlıqda olduğunun göstəricisidir. Kütlədən siyasi dəstək ala bilməyən, tərəfdar toplaya bilməyən bu qruplar cəmiyyətdə qorxu yaratmaq üçün terrora əl atırlar. Ötən əsrin 80-ci illərində Misirdə prezident Ənvər Sədata terror hazırlayan və bununla da Misir xalqını rejimə qarşı üsyana qalxacağını düşünən ifrat dinçilər, Misir xalqından ümidlərini üzdükdən sonra yeganə yol kimi terroru gördülər və Əfqanıstana, Somaliyə getdilər. Breyvikin məhz “müsəlmanlara qarşı loyal olduğu üçün” hakim partiyanı hədəf alması Misir olaylarına çox bənzəyir.
Əlbəttə, Avropada ifrat sağ hər zaman mövcud olub. Amma məlum səbəblərdən bu cərəyan heç də hər zaman güc ola bilmir. Bunun üçün münasib zaman gəlməlidir. Ötən əsrin əvvəllərindəki aramsız müharibələr, aclıq, maddi-mənəvi aşınmalar Avropada ifrat sağın parlaması üçün mühüm şərt oldu. Amma sonrakı illərdə rifah Avropasında millətçilik (baxmayaraq ki, vardı) cərəyan olaraq Avropa siyasəti üçün lazımsız olduğundan onun göz önünə çıxmasına imkan verilmədi. Bu gün - Avropada iqtisadi böhranın dərinləşdiyi bir zamanda aşırı millətçiliyin yüksəlişi istər-istəməz bu cərəyanın “icazəli” hərəkət etməsi şübhəsini yaradır.

Комментариев нет: